18 окт. 2026

“Qaranohurun payız mənzərəsi” — Təbiət, sənət və təxəyyülün unudulmaz vəhdəti

18 oktyabr 2026-cı il | İsmayıllı rayonu, Qaranohur gölü

“Qaranohurun payız mənzərəsi” — Təbiət, sənət və təxəyyülün unudulmaz vəhdəti

18 oktyabr 2026-cı il tarixində Təxəyyül Art Group-un təşkilatçılığı ilə “Qaranohurun payız mənzərəsi” adlı yaradıcılıq turu keçirilib. Təbiətin füsunkar payız mənzərəsi qoynunda baş tutan tədbir rəssamları, şairləri və musiqiçiləri bir araya gətirərək incəsənətlə təbiətin vəhdətini nümayiş etdirib.

Yaradıcılıq turunun əsas məqsədi Azərbaycanın təbii gözəlliklərini tanıtmaq, payızın rəngarəng çalarlarını sənət vasitəsilə ifadə etmək, yaradıcı insanların istedad və bacarıqlarını nümayiş etdirmək, eləcə də sənət adamları arasında ünsiyyət və əməkdaşlığı gücləndirmək olub.

Şamaxı şəhərindən başlayan səfər İsmayıllı rayonunun Talıstan kəndi istiqamətindən keçərək Qaranohur gölünə doğru davam edib. İştirakçılar dağ avtomobilləri ilə gölün yerləşdiyi əraziyə qalxaraq Azərbaycanın əsrarəngiz təbiət mənzərələri ilə tanış olublar. Sənətkar Elçin İsmayıllı və musiqiçi dostlarının ifaları iştirakçılara xoş ovqat bəxş edib.

Tədbirin diqqətçəkən məqamlarından biri rəssam Vüsalə Yunusovanın ideyası əsasında həyata keçirilən yaradıcı layihə olub. Qrup rəssamları Natiq Nəcəfzadə, Vüsalə Yunusova, Qənirə Əsgərova, Fərəh Babayeva, Nərgiz Verdiyeva və Məryəm Abdullazadə çətirlər üzərində payızın qızılı rənglərini və isti çalarlarını əks etdirən rəsmlər yaradıblar. Yəhya Cəlilov, Sara Quliyeva və Cahan Səfərova da bu yaradıcılıq təşəbbüsünə qoşulublar. Gündəlik istifadə əşyasının bədii ifadə vasitəsinə çevrilməsi iştirakçıların yaradıcı yanaşmasını və təxəyyül imkanlarını nümayiş etdirib.

Proqram musiqi və poeziya nümunələri ilə davam edib. Vokal üzrə I dərəcəli laureat, Xalq artisti Fidan Hacıyevanın tələbəsi Aynur Yunusovanın, həmçinin Sara Quliyeva, Səadət Cəfərova və Sevil Soltanovanın ifaları tədbirə musiqili rəng qatıb.

Şairlər və söz sənətkarları Vüsal Ağa, Zaur Ustac, Bayraməli Qurbanoğlu, Mehman İsmaylov, Sara Quliyeva, Aidə Telmanqızı, Nofəl Ümid, Sevil Soltanova, Yəhya Cəlilov və Elçin İsmayıllı təbiətin gözəlliyindən ilhamlanaraq şeir nümunələri səsləndiriblər.

Yaradıcılıq turu çərçivəsində qrup üzvləri Cəmilə Əsgərova və Məryəm Abdullazadənin doğum günləri də qeyd olunub. Təxəyyül Art Group-un rəhbəri Natiq Nəcəfzadə və rəhbər müavini Vüsalə Yunusova tərəfindən yubilyarlara xatirə hədiyyələri təqdim edilib. Tədbirin sonunda iştirakçılar sertifikatlarla təltif olunublar.

Bakıya dönüş zamanı iştirakçılar samovar çayı ətrafında toplaşaraq günün xoş təəssüratlarını bölüşüblər. Tədbir boyunca fotoqraf Nofəl Ümid tərəfindən xatirə fotoları çəkilib.

“Qaranohurun payız mənzərəsi” yaradıcılıq turu sənətin müxtəlif sahələrini bir araya gətirməklə yanaşı, təbiətdən ilhamlanan yeni yaradıcı ideyaların yaranmasına da şərait yaradıb. Bu təşəbbüs Təxəyyül Art Group-un incəsənətin təbliği, yaradıcı şəxslərin bir araya gətirilməsi və Azərbaycanın təbii-mədəni irsinin sənət vasitəsilə tanıdılması istiqamətində fəaliyyətinin davamıdır.

Təxəyyül Art Group gələcəkdə də sərgilər, yaradıcılıq görüşləri və tematik səfərlər təşkil etməklə sənətə marağın artırılmasını və yaradıcı əməkdaşlığın genişləndirilməsini hədəfləyir.

Təxəyyül Art Group — təbiətdən ilham alır, sənətlə dünyanı rəngləndirir!


Tarix: 18 oktyabr 2026-cı il