
08–09 avqust 2026-cı il tarixlərində “Təxəyyül Art Group”un təşkilatçılığı ilə “Həzrət Baba” layihəsi çərçivəsində İsmayıllı rayonuna iki günlük yaradıcılıq və istirahət səfəri təşkil olunub.
Səfərin ilk dayanacağı Şamaxı rayonunda yerləşən “Savalan” restoranı olub. Səhər yeməyindən sonra qrup üzvləri İsmayıllı rayonunun dağlıq ərazisində yerləşən Həftəsov kəndinə yollanıblar. İştirakçılar qrup rəhbəri, rəssam Natiq Nəcəfzadənin ata yurdunda qonaq olub, çay süfrəsi ətrafında səmimi görüş keçiriblər.
Səfərin əsas istiqamətlərindən biri Babadağ olub. Qrup üzvləri QAZ-66 markalı dağ nəqliyyatı ilə Girdiman çayı istiqamətindən üç saatdan artıq yol qət ediblər. Təxminən 6–7 saat davam edən yürüş zamanı qrupun 8 iştirakçısından Gülağa müəllim, Rasim və Natiq Babadağın zirvəsinə qədər yüksələ biliblər. Digər iştirakçılar isə dağ şəraitinin çətinliyi nəzərə alınaraq yolun müəyyən hissəsindən geri qayıdıblar.
Babadağ ərazisində fotosessiya keçirilib, səfərin yaddaqalan anları fotoaparat vasitəsilə lentə alınıb. Təxminən üç saat yarım davam edən enişdən sonra qrup gecə saatlarında Həftəsov kəndinə qayıdıb.
Gecə kənddə sərin dağ havasında çay süfrəsi təşkil olunub. İştirakçılar gecə saat 02:00-dək gün ərzində yaşadıqları təəssüratları bölüşərək səmimi söhbətlər ediblər.
Səfərin ikinci günü Həftəsov kəndində ənənəvi səhər yeməyi ilə başlayıb. Süfrədə nehrə yağı, qaymaq, pendir, təndir çörəyi, bal, mürəbbə və dağ bitkilərindən dəmlənmiş təbii samovar çayı təqdim olunub.
Həmin gün qrup üzvlərinin bir hissəsi Niva avtomobili ilə Brovdal kəndinə başsağlığı mərasiminə yollanıblar. Digər qrup üzvləri isə QAZ-66 ilə Həftəsov kəndindən Girdiman çayı istiqamətinə eniblər.
Daha sonra iştirakçılar Sprinter avtomobili ilə Lahıca yollanıblar. Qrup Lahıcın tarixi məkanlarını ziyarət edərək ərazinin zəngin memarlığı və təbiəti ilə tanış olub.
Səfərin növbəti dayanacağı Gəndov kəndində yerləşən istirahət mərkəzi olub. Burada nahar edən iştirakçılar daha sonra Gəndov şəlaləsini ziyarət ediblər.
Səfərin son mərhələsində qrup Qaranohur ərazisinə yollanıb. Çay kənarında təşkil olunan çay süfrəsi zamanı “Həzrət Baba” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub.
İki gün davam edən səfər iştirakçılar üçün təbiətlə ünsiyyət, yeni məkanların kəşfi, dostluq və birlik baxımından zəngin təəssüratlarla yadda qalıb. “Təxəyyül Art Group” “Həzrət Baba” layihəsi çərçivəsində Azərbaycanın zəngin təbiətini, bölgələrin özünəməxsus mədəni mühitini və yaradıcı insanların birgə fəaliyyətini bir araya gətirməyi qarşısına məqsəd qoyur.



