24 апр. 2026

Təxəyyül Art Group səhifəsinin rəsmi təqdimatı və "Təxəyyül ilə yaradıcılığınızı dünyaya tanıdın" adlı ilk online sərgimiz

“Təxəyyül Art Group” yaradıcılığı birləşdirən rəqəmsal platforma və genişmiqyaslı sərgi təqdim olundu.

Yaradıcılıq və fərqli baxışları bir araya gətirən “Təxəyyül Art Group” rəqəmsal platforması rəsmi olaraq ictimaiyyətə təqdim olunub. Platformanın təqdimatı 12 aprel tarixində kollektivin iki illik yubileyi tədbiri çərçivəsində baş tutmuş, sayt isə 24 aprel tarixindən etibarən tam istifadəyə verilmişdir.

“Təxəyyül Art Group” saytının ərsəyə gəlməsində göstərdikləri dəyərli dəstəyə görə Təxəyyül Art Group-un yaradıcısı Natiq Nəcəfzadə və qrupun müavini Vüsalə Yunusovaya dərin təşəkkürümüzü bildiririk.

Layihə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistr dərəcəsi almış məzunu, ilin könüllüsü mükafatı laureatı, front-end developer Cəmilə Əsgərova tərəfindən hazırlanaraq təqdim edilmişdir. Platformanın texniki infrastrukturu müasir standartlara uyğun qurulmuş, istifadəçi təcrübəsi əsas prioritet kimi müəyyən edilmişdir. Sadə, estetik və funksional interfeys istifadəçilərə rahat və intuitiv istifadə imkanı yaradır.

Platforma ilə yanaşı, “Təxəyyül ilə yaracadıcıllığınızı dünyaya tanıdın ” adlı genişmiqyaslı sərgi təşkil olunmuşdur. Sərgi müxtəlif ölkələrdən və regionlardan yaradıcı şəxsləri bir araya gətirərək zəngin və çoxşaxəli bir sənət mühiti formalaşdırmışdır. Ümumilikdə 9 xarici və 35 yerli iştirakçı olmaqla 44 sənət nümayəndəsi sərgidə yer almış, bu da tədbirə beynəlxalq xarakter qazandırmışdır. Burada 25 rəssam, 13 dekorativ-tətbiqi sənət ustası, 5 şair, 1 yazıçı və 1 fotoqraf öz işlərini təqdim etmişdir. Sərgi yalnız ekspozisiya deyil, eyni zamanda fərqli mədəniyyətlərin, üslubların və yaradıcılıq yanaşmalarının bir məkanda birləşdiyi sənət platforması kimi çıxış etmişdir.

Sərgidə nümayiş olunan əsərlər sırasında xüsusi diqqət çəkən innovativ işlər də yer almışdır. Memarlıq üzrə fəlsəfə doktoru, dosent Nardanə Yusifova tərəfindən təqdim edilən “Molekulyar portret xalça” konsepsiyası Azərbaycan xalçaçılığında elmi və bədii yanaşmanı birləşdirərək yeni bir estetik istiqamət formalaşdırır. Bu əsərdə kristallokimya və təsviri həndəsə prinsipləri ənənəvi xalça ornamentikası ilə sintez olunaraq portretlərin molekulyar struktur fonunda ifadəsi təqdim edilir. Əsər akademik Vaqif Abbasovun elmi fəaliyyəti və onun formalaşdırdığı molekulyar strukturlar əsasında işlənmişdir.

Digər bir innovativ iş isə Musa Yaqubov tərəfindən təqdim olunan “Ay və ulduz” konsepsiyasıdır. Bu əsərdə tar, kamança və qaval kimi milli musiqi alətləri üzərində Azərbaycan simvolikası olan ay və ulduz motivi dekorativ və konseptual yanaşma ilə işlənmişdir. Layihə milli musiqi irsini simvolik sənət dili ilə birləşdirərək müasir interpretasiya təqdim edir.

Layihənin əsas məqsədi yaradıcı insanların ideyalarını daha geniş auditoriyaya çatdırmaq, onları vahid platformada birləşdirmək və Azərbaycan yaradıcılığını beynəlxalq səviyyədə tanıtmaqdır.

Bu gün “Təxəyyül Art Group” 300-dən çox üzvü özündə birləşdirən böyük və dinamik yaradıcı qrup kimi fəaliyyət göstərir. Qrup daxilində rəssamlar, dekorativ-tətbiqi sənət ustaları, şairlər, yazıçılar, fotoqraflar və digər yaradıcı insanlar yer alaraq müxtəlif sənət istiqamətlərinin bir platformada birləşməsinə şərait yaradır.

Təqdimatın yekununda sərgi iştirakçılarına Cəmilə Əsgərova tərəfindən hazırlanmış sertifikatlar təqdim olunmuşdur.

“Təxəyyül Art Group” bu gün sadəcə bir platforma deyil — ideyaların birləşdiyi, yaradıcılığın inkişaf etdiyi və yeni əməkdaşlıqların formalaşdığı güclü bir yaradıcı məkandır.

Təqdimat zamanı çəkilən gözəl şəkillərə görə Nofəl Ümidə təşəkkür edirik.