25 сент. 2026

“TƏBƏSSÜM YARADAN TƏXƏYYÜL” — sənətin yaratdığı təbəssüm

“TƏBƏSSÜM YARADAN TƏXƏYYÜL” — sənətin yaratdığı təbəssüm

25 sentyabr 2026-cı il tarixində Əzim Əzimzadənin Ev Muzeyində “Təxəyyül Art Group”un təşkilatçılığı və muzeyin dəstəyi ilə “TƏBƏSSÜM YARADAN TƏXƏYYÜL” adlı sənət sərgisi keçirilib.

Azərbaycan karikatura sənətinin görkəmli nümayəndəsi Əzim Əzimzadənin adını daşıyan məkanda baş tutan sərgi karikatura, illüstrasiya və dostluq şarjı janrlarını bir araya gətirib. Layihənin əsas məqsədi yumorla sənətin vəhdətini nümayiş etdirmək, rəssamların yaradıcı təxəyyülünü geniş auditoriyaya təqdim etmək və incəsənətin insanda yaratdığı xoş təəssürat və pozitiv emosiyaları ön plana çıxarmaq olub.

Sərgidə nümayiş olunan əsərlərdə gündəlik həyatın müxtəlif məqamları, insan xarakterləri, sosial münasibətlər və həyatın maraqlı tərəfləri müəlliflərin fərdi üslubu və özünəməxsus baxış bucağı ilə əks olunub. Karikaturanın satirik dili, illüstrasiyanın ifadə imkanları və dostluq şarjlarının yumor elementləri sərginin ümumi atmosferinə xüsusi rəng qatıb.

Tədbirin açılışında muzeyin direktoru İradə Əzimzadə çıxış edərək Əzim Əzimzadənin həyat və yaradıcılığı haqqında məlumat verib. Daha sonra qrup rəhbərinin müavini Vüsalə Yunusova sərginin məhz Əzim Əzimzadənin Ev Muzeyində keçirilməsinin əhəmiyyətindən danışıb və tələbəlik illərində yaratdığı illüstrasiyalarla bağlı xatirələrini bölüşüb. Qrup rəhbəri Natiq Nəcəfzadə isə qonaqları salamlayaraq sərgi iştirakçılarını yaradıcılıq layihəsi münasibətilə təbrik edib.

Sərgidə sənət və mədəniyyət ictimaiyyətinin nümayəndələri, rəssamlar və yaradıcı şəxslərlə yanaşı, fəxri qonaqlar da iştirak ediblər. Yavər Əsədov, Gündüz Hunlar, Xeyrulla Ağayev, Nəzakət Eminqızı, Rəsmiyyə Heybətağaqızı və Pərixanım Mikayılqızı sərgi iştirakçılarını təbrik edərək xoş arzularını çatdırıblar.

Sərgidə Vüsalə Yunusova, Qənirə Əsgərova,Fərəh Babayeva, Fidan Mehman, Günay Əsgərova, Xalidə Kazımova, İlahə Əhmədova, İlkanə Hacıyeva, Lətifə Şamilova, Məryəm Abdullazadə və Məryəm Əsgərovanın yaratdığı dostluq şarjları nümayiş olunub. Əsərlər sərgi ziyarətçilərinin marağına səbəb olub.

Tədbir çərçivəsində iştirakçılar və qonaqlar arasında yaradıcılıq, incəsənət və karikatura sənətinin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Səmimi söhbətlər və yaradıcı ünsiyyət sərginin atmosferini daha da zənginləşdirib.

Sərginin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Tədbirin xatirə fotoları isə fotoqraf Nofəl Ümid tərəfindən lentə alınıb.

“TƏBƏSSÜM YARADAN TƏXƏYYÜL” sərgisi sənətin yalnız düşündürən deyil, eyni zamanda insanlarda təbəssüm yaradan, xoş emosiyalar bəxş edən və insanları yaradıcılıq ətrafında birləşdirən gücə malik olduğunu nümayiş etdirib.

“Təxəyyül Art Group” müxtəlif sənət istiqamətlərini bir araya gətirən, yaradıcı şəxslərin fəaliyyətini dəstəkləyən və Azərbaycan incəsənətinin təbliğinə xidmət edən layihələri ilə fəaliyyətini davam etdirir.

Yaradıcılıqdan doğan təxəyyül, sənətdən yaranan təbəssüm.

Возможно, это изображение памятникВозможно, это художественное изображение