22 окт. 2026

“MİSİR – SİRLİ VƏ RƏNGLİ DÜNYA”: GƏNC RƏSSAMLARIN YARADICILIĞINDA MİSİR MƏDƏNİYYƏTİ

22 oktyabr 2026-cı il

“MİSİR – SİRLİ VƏ RƏNGLİ DÜNYA”: GƏNC RƏSSAMLARIN YARADICILIĞINDA MİSİR MƏDƏNİYYƏTİ

Təxəyyül Art Groupun təşkilatçılığı və Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin dəstəyi ilə keçirilən sərgi Azərbaycan və Misir arasında mədəni əlaqələrin inkişafına, uşaq və yeniyetmələrin yaradıcılıq potensialının tanıdılmasına xidmət edib.

21 oktyabr 2026-cı il tarixində “Təxəyyül Art Group”un təşkilatçılığı və Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin dəstəyi ilə “MİSİR – SİRLİ VƏ RƏNGLİ DÜNYA” adlı rəsm sərgisi keçirilib. Misirin qədim tarixi və zəngin mədəni irsinə həsr olunan sərgidə uşaq və yeniyetmə rəssamların əsərləri nümayiş etdirilib.

Sərgi gənc rəssamların Misir mədəniyyətinə yaradıcı baxışını təqdim etməklə yanaşı, incəsənətin müxtəlif xalqlar arasında mədəni dialoqun qurulmasındakı rolunu da ön plana çıxarıb.

Tədbiri giriş sözü ilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru, professor doktor Tarek Aboul Fotouh açıb. O, çıxışında uşaqların istedadını və Misir mövzusunda hazırladıqları rəsm əsərlərinin rəngarəngliyini yüksək qiymətləndirib, gənc rəssamları təbrik edərək onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.

Ardınca “Təxəyyül Art Group”un rəhbər müavini, rəssam və qrafik dizayner Vüsalə Yunusova çıxış edib. O, Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı səlahiyyətli səfiri cənab Houssam Eldine Reda başda olmaqla tədbir iştirakçılarını, müəllimləri və şagirdləri salamlayıb. Vüsalə Yunusova sərginin uşaqların yaradıcılıq imkanlarının üzə çıxarılması, sənətə maraqlarının artırılması və istedadlarının dəstəklənməsi baxımından əhəmiyyətini vurğulayıb. Daha sonra təbrik nitqi üçün sözü qrupun rəhbəri, xalçaçı rəssam Natiq Nəcəfzadəyə verib.

Natiq Nəcəfzadə çıxışında sərginin ərsəyə gəlməsində iştirak edən hər kəsə təşəkkürünü bildirib. O, uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsinin və onların əsərlərinin geniş ictimaiyyətə təqdim olunmasının vacibliyini qeyd edərək gənc rəssamlara təbriklərini çatdırıb.

Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının müəllimi, rəssam Qənirə Əsgərova da tədbirdə çıxış edərək sərgi iştirakçılarını təbrik edib, uşaqlara yeni yaradıcılıq uğurları və gələcək sənət fəaliyyətlərində nailiyyətlər arzulayıb.

Tədbir zamanı “Təxəyyül Art Group”un fəaliyyəti haqqında hazırlanmış videorolik nümayiş etdirilib. Videoçarxda kollektivin həyata keçirdiyi layihələr, təşkil etdiyi sərgilər və incəsənətin təbliği istiqamətində gördüyü işlər barədə məlumat verilib.

Sərginin bədii-musiqili proqramında vokal üzrə I dərəcəli laureat, Xalq artisti Fidan Hacıyevanın tələbəsi Aynur Yunusova və onun bacısı Vüsalə Yunusova çıxış ediblər. İfaçılar Niyazinin “Arzu” romansını və Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Gözəlim yar, gözəlim” mahnısını səsləndiriblər. Musiqi nömrələri tədbirin bədii proqramını tamamlayaraq qonaqlara Azərbaycan musiqi mədəniyyətinin seçilən nümunələrini təqdim edib.

Tədbirin rəsmi hissəsində Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı səlahiyyətli səfiri cənab Houssam Eldine Reda çıxış edərək uşaqları sərgi münasibətilə təbrik edib. Səfir gənc istedadların yaradıcılığını dəstəkləyən bu kimi təşəbbüslərin əhəmiyyətini vurğulayıb.

Daha sonra Houssam Eldine Reda, professor doktor Tarek Aboul Fotouh, Natiq Nəcəfzadə və Vüsalə Yunusovanın iştirakı ilə açılış lenti kəsilib və sərgi ziyarətçilərin üzünə açıq elan olunub.

Sərgidə müəllimlər Aytən Yusifkənan, Cahangir Mikayılov, Elanura Mənsimova, Emiliya Həsənova, Əsmər Azadi, Gülüzə Bayramova, Xalidə Kazımova, Qənirə Əsgərova, Leyla Əliyeva, Lətifə Şamilova, Məzahir Rüstəmov, Musa Əmiraslanov, Nigar Həsənova, Rəşidə Bağırova, Vüsalə Yunusova, Yeganə Ağamalıyeva, Yenigül Həsənova, Zeynəb Həşimzadə və Zərif Həsənovanın şagirdlərinin rəsm əsərləri təqdim olunub.

Əsərlərdə uşaqların Misirin tarixinə və mədəniyyətinə münasibəti, zəngin təxəyyülü, rəng duyumu və fərdi yaradıcılıq yanaşmaları əksini tapıb. Sərgi iştirakçıları gənc rəssamların işləri ilə tanış olaraq onların sənət dünyasına nəzər salıblar.

Diqqətçəkən məqamlardan biri də bir neçə şagirdin öz əsərləri haqqında ingilis dilində məlumat verməsi olub. Gənc rəssamlar əsərlərinin məzmununu qonaqlara izah edərək həm yaradıcılıq bacarıqlarını, həm də fikirlərini sərbəst ifadə etmək qabiliyyətlərini nümayiş etdiriblər.

Tədbirin sonunda sərgi üçün xüsusi hazırlanmış tort kəsilib, iştirakçı uşaqlara sertifikatlar və hədiyyələr təqdim edilib. Şagirdlərin yetişməsində, bədii bacarıqlarının formalaşmasında və yaradıcılıq qabiliyyətlərinin inkişafında əməyi olan müəllimlər təşəkkürnamələrlə təltif olunublar.

Sərginin yaddaqalan hadisələrindən biri rəssamlar Vüsalə Yunusova, Xədicə Məmmədli və Melissa Quliyevanın öz rəsm əsərlərini Misir Ərəb Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri cənab Houssam Eldine Redaya hədiyyə etmələri olub. Bu təqdimat sənət vasitəsilə dostluğun, qarşılıqlı hörmətin və mədəni əlaqələrin ifadəsi kimi xüsusi məna daşıyıb.

Tədbir iştirakçıların xatirə fotolarının çəkilməsi ilə yekunlaşıb.

“MİSİR – SİRLİ VƏ RƏNGLİ DÜNYA” sərgisi uşaqların yaradıcılıq nümunələrinin ictimaiyyətə təqdim edilməsi, müəllim əməyinin qiymətləndirilməsi və mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətli tədbir kimi yadda qalıb. Layihə bir daha nümayiş etdirib ki, incəsənət fərqli mədəniyyətlər arasında körpü yaradır, gənc nəslin dünyagörüşünün genişlənməsinə və yaradıcılıq potensialının inkişafına şərait yaradır.

Təxəyyül Art Group — sənətin birləşdirici gücü, təxəyyülün rəngləri ilə gələcəyə doğru!

r