
"Təxəyyül Art Group"un "Xanbulan" layihəsi çərçivəsində növbəti yaradıcılıq səfəri uğurla baş tutdu
12 iyul 2026-cı il tarixində "Təxəyyül Art Group"un təşkilatçılığı ilə həyata keçirilən "Xanbulan" layihəsi çərçivəsində Lənkəran və Lerik rayonlarına növbəti yaradıcılıq səfəri və plener keçirildi. Təbiətin ecazkar gözəlliklərini sənət dili ilə əks etdirməyi hədəfləyən bu səfər iştirakçılar üçün həm yaradıcılıq, həm də mənəvi baxımdan unudulmaz anlarla yadda qaldı.
Səfər ənənəvi olaraq Salyan rayonunda yerləşən "Xan Süfrəsi" restoranında səhər yeməyi ilə başladı. Daha sonra qrup üzvləri xüsusi dağ nəqliyyatı ilə Lerik rayonunun füsunkar guşələrindən biri olan Bibioni şəlaləsinə yollandılar. Səfər boyu qonaqları lerikli şair Ədail Korçaylı müşayiət edərək rayonun tarixi, təbiəti və görməli yerləri haqqında maraqlı məlumatlar verdi.
Bibioni şəlaləsində xatirə fotoları çəkdirən iştirakçılar daha sonra Meşəbəyi Ailəvi İstirahət Mərkəzinə, oradan isə Lənkəranın incisi sayılan Xanbulan gölünə yollandılar. Göl sahilində təşkil olunan piknik süfrəsi ətrafında qrup üzvləri bir ailə kimi bir araya gələrək səmimi söhbətlər etdilər, təbiətin bəxş etdiyi gözəlliklərdən zövq aldılar.
Səfərin əsas məqsədi olan plener zamanı qrupun rəssamları Natiq Nəcəfzadə, Vüsalə Yunusova və Qənirə Əsgərova Xanbulan gölünün valehedici mənzərələrindən ilhamlanaraq akvarel texnikasında kağız üzərində etüdlər işlədilər. Hazırlanan etüdlər Qazaxıstandan gələn turist qonaqlara hədiyyə olundu. Bu xoş jest qonaqlar tərəfindən böyük rəğbətlə qarşılandı və incəsənət vasitəsilə xalqlar arasında dostluq körpüsünün daha da möhkəmlənməsinə töhfə verdi.
Plener başa çatdıqdan sonra layihənin bütün iştirakçılarına xatirə sertifikatları təqdim olundu.
Geri dönüş zamanı qrup üzvləri Lənkəran şəhərinə də baş çəkdilər. Günün sonunda isə Salyanda yerləşən "Xan Süfrəsi" restoranında qrupun nəğməkar şairi Elşən Sabiroğlu və videooperator Rasim Nəcəfov tərəfindən təşkil olunan şam süfrəsi iştirakçılar üçün əsl bayram ovqatı yaratdı. Musiqi, rəqs və səmimi söhbətlərlə yadda qalan axşamın sonunda restoran kollektivinə göstərdikləri qonaqpərvərliyə görə təşəkkür bildirildi. Günün ən yaddaqalan anları isə fotoqraf Nofəl Ümid tərəfindən lentə alınaraq xatirələrə çevrildi.
Beləliklə, "Təxəyyül Art Group"un "Xanbulan" layihəsi təkcə yaradıcılıq pleneri deyil, həm də dostluğun, milli-mədəni dəyərlərin və Azərbaycanın füsunkar təbiətinin təbliği baxımından növbəti uğurlu tədbir kimi yadda qaldı.
Məqaləni hazırladı: Vüsalə Yunusova.
taxayyul-art.az saytında yerləşdirdi: Cəmilə Əsgərova.
Yazarlar.az saytında yerləşdirdi: Zaur Ustac.



